ELM VƏ TƏHSİL
YTP-nin əməkdaşı ASAN İnnovativ İnkişaf Mərkəzinin sertifikatına layiq görülüb
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Müştəri məmnuniyyətinin idarə olunması”, “Konfliktli halların idarə edilməsi”, “Stres vəziyyətinin idarə olunması” və “Effektiv ünsiyyət bacarıqları” təlimləri keçirilib.
Təlimdə Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və texnologiyaların transferi mərkəzinin aparıcı mütəxəssisi Leyli Zərbəliyeva da iştirak edib.
YTP-dən AZƏRTAC-a bildirilib ki, təlim prosesində iştirakçılar 4 mövzu üzrə istiqamətləndiriliblər. Həmçinin hər bir təlim zamanı diskussiya, praktiki məşğələlər və rol oyunları təşkil olunub.
Sonda Leyli Zərbəliyeva ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən sertifikata layiq görülüb.
İştirakçılara aktiv dinləmə, izahetmə və inandırma bacarıqları, səsdən effektiv istifadə üsulları, müştəriyönümlü xidmətin açarı, stres vəziyyətinin idarə olunması, gündəlik stresdən və tükənmədən qorunma üsulları, çətin hallardan çıxış yolları, verbal və qeyri-verbal ünsiyyətin əsaslarını izah etməklə yanaşı, dinləmək, inandırmaq, sual vermək, faydalı geri dönüş, bədən dili və emosiyaların idarə edilməsi, konfliktin xüsusiyyətləri, mərhələləri, pozitiv tərəfləri, qərarvermədə addımlar və konfliktlərin qarşısının alınması üsulları kimi bir sıra bacarıqlar və vərdişlər aşılanıb.