ELM VƏ TƏHSİL
YT Park inkubator rezidentliyinə elan etdiyi seçim müsabiqəsində qalib layihələrin bütün xərclərini qarşılayacaq
Bakı, 17 may, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) sahibkarlıq fəaliyyətinə başlamaq istəyən, innovativ ideyası olan gənclərə dəstək məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi elan olunur.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə biznes inkubator rezidentliyinə qəbul üçün startap və yeni texnologiyalara əsaslanan bütün layihələr üzrə müraciət edilə bilər. Texnoparklarda rezidentlik əldə edən layihələr YT Parkın biznes inkubasiya dəstəyindən yararlana biləcəklər. İddiaçılar öz layihələrini təqdimat (prezentasiya) formasında təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqədə qalib olmuş layihənin bütün xərcləri ayrılmış büdcə çərçivəsində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin daxili imkanları hesabına qarşılanacaq.
Layihənin təqdimatı “Titul vərəqi”, “İnvestisiya layihəsinin xülasəsi”, “Komanda haqqında məlumat”, “İnvestisiya layihəsinin məqsədi”, “Təşkilati plan”, “İstehsalı nəzərdə tutulan məhsulun (iş və xidmətin) xarakteristikası”, “Satış bazarının xarakteristikası”, “İstehsal planı”, “Maliyyə planı”, “Digər məlumatlar” bölmələrindən ibarət olmalıdır.
Rezidentliyə namizədlər təqdimatlarını iyunun 14-dək [email protected] ünvanına göndərə bilərlər.