ELM VƏ TƏHSİL
YT Parkda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədbirdə YT Park və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin texnoparkın ərazisindəki büstü önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Milli Qurtuluş Gününü ilk dəfə olaraq qalib ölkənin vətəndaşları kimi qeyd etməyimizin qürurverici olduğu vurğulanıb.
Mərasimdə müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Qeyd olunub ki, 1988-1992-ci illərdə Azərbaycan parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükə sovuşub, ölkəmiz böyük inkişaf yoluna qədəm qoyub.
Vurğulanıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin, texnologiyanın inkişafı sahələrində də yüksək nailiyyətlər əldə olunub. Bu istiqamətlərin inkişafında YT Park da xüsusi rola malikdir.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafa nail olunması yolundakı əvəzsiz fəaliyyətindən danışıb, dahi liderin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildiriblər.