ELM VƏ TƏHSİL


YT Parkda türk dünyasının elmlər akademiyalarının prezidentləri ilə görüş keçirilib

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salahov, Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov və Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev ilə görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə YT Parkın texnologiyaların transferi və biznes inkubasiya şöbəsi müdirinin müavini Vüsal Süleymanlı təmsil etdiyi qurum haqqında qonaqlara məlumat verib. Bildirilib ki, YT Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına dövlət dəstəyini daha da artırmaqdır. O, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm işlərin görüldüyünü qeyd edib.

Sonda YT Parkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Rəyasət Heyəti aparatının xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov və YT Parkın ümumi işlər üzrə direktor müavini Elxan Bayramov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.