ELM VƏ TƏHSİL
“YT Park”ın Ekspertlər Şurasının iclasında iddiaçılara rezident statusunun verilməsi qərara alınıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) Ekspertlər Şurasının iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev görüşün rezidentlik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlərin müzakirəsinə həsr olunduğunu bildirib.
“YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev tərəflərin rezidentlik almaq üçün müraciətlərini qiymətləndirmək məqsədilə onların fəaliyyəti haqqında qısa məlumat verib. Rezidentlik statusu almaq istəyən dörd rezidentin iddiaçı olduğunu bildirib.
Görüşdə "Millers-Oils Azerbaijan" MMC, AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC və "Agro Bio Eco Tech" MMC-nin müraciətləri ilə əlaqədar səsvermə keçirilib. Müzakirələrdən sonra adıçəkilən iddiaçılara rezident statusu verilməsi qərara alınıb.
Şuranın iclasında rezidentliyə müraciətlə bağlı hüquqi tənzimləmə məsələləri də müzakirə edilib.