ELM VƏ TƏHSİL
YT Parkın Vətən müharibəsində şəhid olmuş əməkdaşının məzarı ziyarət olunub
Bakı, 2 iyul, AZƏRTAC
İkinci Qarabağ müharibəsində AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun şəhidlik zirvəsinə ucalan əməkdaşı Rafiq Heydərovun ailə üzvləri və yaxınları, əsgər yoldaşları, qazilər, onun orta təhsil aldığı Binəqədi rayon 301 saylı məktəbin müəllimləri və şagirdləri, eləcə də ali təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları, həmçinin YT Parkın kollektivi II Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları Rafiq Heydərovun unudulmaz xatirəsinə bəslədikləri hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Anım mərasimində YT Parkın baş direktoru Vasif Abbasov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekan müavini Etibar Quliyev, Hacı Surxay Məmmədli, qazi Hacı Rauf Sərdarov, şəhidin döyüş yoldaşları, müəllimləri və digər çıxış edənlər şəhid Rafiq Heydərovun qısa və şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Rafiq Hüseynov 1995-ci il iyulun 1-də Bakı şəhərində dünyaya göz açıb. Ürəyində Vətən sevgisi olan Rafiq torpaqlarımızın erməni təxribatçılarından azad edilməsi uğrunda başlayan Zəfər yürüşündə iştirak edib. O, Vətənin səsinə səs verib, tərəddüd etmədən döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışıb, Rafiq və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər.
Anım mərasimində şəhidin təhsil aldığı məktəbin şagirdləri ürək sözlərini deyib, qəhrəmanlıq şeirləri səsləndiriblər.
Daha sonra çıxış edən şəhidin atası Rahim Heydərov övladı ilə fəxr etdiyini söyləyib, oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib.