ELM VƏ TƏHSİL
YT Parkın məqsədi ölkənin idxaldan asılılığını azaltmaqdır
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (AMEA YT Park) direktoru Nazim Şükürov, Böyük Britaniyanın “Millers Oils” şirkətinin birgə təsisçisi olduğu “Millers Oils Azərbaycan” MMC-nin direktoru Sənan Abdullayev yüksək keyfiyyətli “Millers Oils Azərbaycan” brendinin təbliği məqsədilə Porsche Bakı Mərkəzində olublar.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Nazim Şükürov Porsche Bakı Mərkəzinin satış meneceri Vüqar Babayevə Azərbaycan elmi ictimaiyyəti üçün önəmli strateji missiya kimi qəbul edilən Yüksək Texnologiyalar Parkının Prezident İlham Əliyevin Sərəncamı ilə yaradıldığını deyib. O bildirib ki, müəssisənin məqsədi ölkədə idxaldan əsaslı asılılığı azaltmaq və Azərbaycanda sərfəli qiymətlə məhsulların satışının təmin edilməsi üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrini genişləndirmək, ixrac potensiallı yüksək texnologiya məhsulları hazırlamaq, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələri kommersiyalaşdırmaqdır.
Sənan Abdullayev bu müəssisədə müxtəlif çeşiddə beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və münasib qiymətlərə avtomobil yağlarının istehsal olunduğunu və bu məhsulların dünyanın bir sıra tanınan iri avtomobil şirkətləri tərəfindən keyfiyyət sertifikatları ilə də təmin edildiyini bildirib.