MƏDƏNİYYƏT


“YUĞ” Teatrı yeni mövsümə premyera ilə başlayır

Bakı, 28 oktyabr, AZƏRTAC

“YUĞ” Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 29-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində rumıniyalı dramaturq Matey Vişnekin “Qoca koun tələb olunur” pyesi əsasında hazırlanmış “Kloun Z” tamaşası nümayiş olunacaq. Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.

“YUĞ” Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, “Yuğ” Teatrının tamaşasında klounlar qadınlardır.

Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.

Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.

Qeyd edək ki, tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.