MƏDƏNİYYƏT
YUNANISTANDA AZƏRBAYCANLI İŞ ADAMLARI ÜÇÜN MÜNBİT ŞƏRAİT YARADILIR
Bakı, 19 iyun (AZƏRTAC). Yunanıstan müasir infrastruktur, xidmətlər və güclü insan potensialına malik olmaqla biznes, tədqiqat və mədəniyyət tədbirləri üçün əlverilşli məkandır. Rəqabətə açıq sənaye sahələri, optimal təchizat, çeşidli xammal və əlverişli iqlimə malik qədim Ellada torpağını hər il 10 milyonlarla turist ziyarət edir. Yunanıstan azərbaycanlı turist və iş adamları üçün də açıqdır.
Xarici investorlara Yunanıstanda sərmayə yatırmaq məqsədi ilə hər cür şərait yaradılmışdır. Biznez üçün sərfəli qrantlar və cəlbedici layihələr təklif olunur.
Bu sözləri Yunanıstan Mədəniyyət və Turizm Nazirliyinin baş katibi George Poussaios Afinada səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə demişdir.
George Poussaios bildirmişdir ki, İqtisadi İnkisaf və Əməkdaslıq Təşkilatının üzvü olan Yunanıstan Qara dəniz, Şərqi Avropa və Şərqi Aralıq dənizi bazarlarına çıxıs üçün əlverişli məkan olmaqla yanaşı, bu ölkələrlə əlaqələrin qurulmasında körpü rolunu oynayır.
Baş katibin sözlərinə görə, Yunanıstana gələn iş adamları müxtəlif sahələrə sərmayə yatıra bilərlər. Bura hotel işi, dəniz limanlarının tikintisi, yeyinti sənayesi və digər sahələr daxildir. Qeyri-turizm sahələrinə sərmayə yatıran investorlar Yunanıstan hökuməti tərəfindən müəyyən güzəştlər əldə edirlər. Bura hökumətdən 40 faizədək yardım, bir neçə ilədək vergilərdən azad olunma və digər güzəştlər daxildir. Əlbəttə, biz azərbaycanlı iş adamlarını da Yunanıstanda sərmayə qoymağa çağırırıq.
Yeri gəlmişkən, Yunanıstanın büdcə gəlirinin 18 faizini turizm sahəsi təşkil edir. Hər il qədim Ellada torpağı 15-17 milyon civarında turist qəbul etməklə dünyanın ən böyük turizm mərkəzlərindən birinə cevrilmişdir. Turistlər arasında əsas üstünlüyü Almaniya və İngiltərədən gələnlər təşkil edir. Qədim mədəniyyət və sivilizasiyaya malik, mülayim iqlim, 5 min illik tarixi abidələr, Egey arxipelaqındakı qumlu sahillər, səmavi Meteora monastırları və digər yerlərin bəxş etdiyi gözəlliklərdən turistlər zövq alır.
Yunanlar isə istiqanlı, açıqfikirli və səxavətli insanlardır. Onlar, həmçinin başqa xalqlar haqqında yaxşı məlumatlıdırlar.
######