İDMAN
YUNANISTAN İDMANÇILARI OLİMPİADADA REKORD MİQDARDA MEDAL QAZANA BİLƏRLƏR
Əvvəla, Yunanıstan Olimpiadanın təşkilatçısı olan ölkədir. Evdə isə, məlum olduğu kimi, divarlar da kömək edir. Bunun üçün Avstraliya yığma komandasının Sidney oyunlarında çıxışını xatırlamaq kifayətdir. İkincisi, ev sahibi kimi, Yunanıstanın, otüstü hokkey istisna olmaqla, qalan bütün növlər üzrə yarışlara idmançılar çıxarmaq hüququ var. Buna görə də “meydan sahibləri”ni rekord sayda – 441 idmançı təmsil edəcəkdir. Üçüncüsü, idmanın bir sıra növlərində yunanların mövqeləri güclüdür. Onlar, ilk növbədə, yüngül və ağır atletika, yelkənli qayıqsürmə, yunan-Roma güləşi, gimnastika, stolüstü tennis, atçılıq idmanı və basketbolda medallara əsas namizədlərdən sayılırlar.
Nəhayət, Yunanıstanın olimpiya yığma futbol komandası bu il Avropa çempionu adını qazanmış milli yığmanın uğurunu təkrar etmək əzmindədir.