MƏDƏNİYYƏT
YUNESKO MƏDƏNİ İRS OBYEKTLƏRİNİN SİYAHISINI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Çinin Suçjou şəhərində YUNESKO-nun Dünya İrsi Komitəsinin 28-ci sessiyası keçirilir. AZƏRTAC BMT xəbərlər mərkəzinin saytına istinadla xəbər verir ki, sessiya iştirakçıları dövlətlərin mədəni irs obyektləri siyahısına əlavələrlə bağlı təkliflərini nəzərdən keçirmək niyyətindədirlər. İndiyədək siyahıya 129 ölkənin ərazisində yerləşən “çox böyük universal dəyərə” malik 754 obyekt daxildir. Hazırda 36 ölkə daha 33 mədəni və 8 təbii obyektin də siyahıya salınmasını təklif edir. Müvafiq təkliflər göndərən ölkələr arasında Qazaxıstan, Azərbaycan və Rusiya da var.
Komitə təhlükədə olan dünya irsi obyektlərinin də siyahısını növbəti dəfə nəzərdən keçirəcəkdir. Siyahıya sənaye tullantılarından çirklənmə, oğurlanma, hərbi əməliyyatlar, habelə turizm və brakonyerlik nəticəsində dağılma təhlükəsi altında olan 35 obyekt daxil edilmişdir. Azərbaycanın tarix və mədəniyyət abidələrindən olan İçərişəhər, habelə onun ərazisindəki Şirvanşahlar sarayı və Qız Qalası da onların arasındadır.