ELM VƏ TƏHSİL
YUNESKO-NUN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 13-17-də YUNESKO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olacaqdır. Nümayəndə heyətinin tərkibinə qurumun ali təhsil və planlaşdırma şöbəsinin müdiri Mirəsgər Hüseyn, bölmə müdirləri və başqaları daxildir.
Təhsil Nazirliyindən bildirmişlər ki, səfər çərçivəsində nazirliklə YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumunda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparılacaqdır.
Eyni zamanda, hər iki qurumun işçi qrupları Azərbaycanda təhsilin inkişafı sahəsində müəyyənləşdirilmiş prioritetlər üzrə konkret əməkdaşlıq proqramı barədə fikir mübadiləsi edəcəklər. Prioritetlər içərisində ilkin müəllim hazırlığı, müəllimlərin ixtisasının artırılması və yenidən hazırlanması məsələlərinə xüsusi diqqət yetiriləcəkdir.
Nümayəndə heyətinin təhsillə bağlı digər görüşlər də keçirəcəyi nəzərdə tutulmuşdur.