MƏDƏNİYYƏT
YUNESKO PARLAMENTLƏRLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR
Parisdə YUNESKO-nun iqamətgahında bu beynəlxalq qurumla parlamentlər arasında daha sıx əlaqələrin yaradılmasına həsr olunmuş tədbir keçirilmişdir. Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının üzvü Anar Rzayev tədbirdə iştirak etmişdir.
O, AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, YUNESKO ilə parlamentlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi müzakirələrin əsas mövzusu olmuş, birgə tədbirlər keçirməsinin, qloballaşma dövründə milli dəyərlərin, milli mədəni irsin qorunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.
Anar xatırlatmışdır ki, indiyədək Milli Məclis bu məsələlərlə bağlı bir sıra qanunlar qəbul etmişdir. Onların arasında folklor irsinin, tarixi və memarlıq abidələrinin qorunması, muzey və kitabxanalar, dil haqqında qanunları göstərə bilərik. Bu sahədə gələcəkdə də bir neçə qanunun qəbul edilməsi nəzərdə tutulur. Onu da deyək ki, indiki tədbirdə qaldırılan məsələlərin bəziləri Azərbaycanda həll olunmuş və müvafiq qanunlarda öz əksini tapmışdır.