İDMAN
YÜNGÜL ATLETİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Yarışlarda ölkəmizin əksər bölgələrindən olan yüngül atletlər iştirak edirdilər. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 100 və 200 metr məsafələrə qaçışda sumqayıtlı idmançılar Yuliya Tişkova və Dadaş İbrahimov qalib gəlmişlər. Bakılılar - Zamiq Məmmədov maneələri dəf etməklə 110 metr məsafəyə, Gülnarə Cəbrayılova və Valentin Bulıçev isə 400 metr məsafəyə qaçışda birinci olmuşlar. Gəncə idmançısı Əlmurad Mustafayev 5000 metr məsafəyə qaçışda 1-ci yeri tutmuşdur. Qadınların 3000 metr məsafəyə qaçışda isə naxçıvanlı Tünzalə İsmayılova fərqlənmişdir. Adil Paşayev hündürlüyə tullanmaqda və üç təkanla tullanmaqda ən yaxşı nəticə göstərmişdir. 1500 metr məsafəni isə hamıdan tez Mahirə İsmayılova və Fikrət Qafarov qət etmişlər. Üç təkanla tullanmaqda və uzununa tullanmaqda Yana Borisova birinci olmuşdur. 400 metr məsafəyə qaçışda Adilə Əliyeva və Dmitri Çumıçkin qələbə qazanmışlar. Səadət İsmayılova və Emil Şahtaxtinski isə yadro itələmək yarışlarında üstün olmuşlar. Yuliya Belkova və Vüqar Ələsgərov 800 metr məsafəni hamıdan tez qaçmışlar. 4 x 100 metr məsafəyə estafetdə ilk üç yeri Bakı komandaları tutmuşdur.