SİYASƏT
YUNİFEM ALMATIDA GÖRÜŞ KEÇİRMİŞDİR
BMT-nin Qadınlar Üçün İnkişaf Fondu (YUNİFEM) Qazaxıstanın Almatı şəhərində “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiyanın MDB ölkələrində həyata keçirilməsinə nəzarətə kömək” mövzusunda məsləhət görüşü təşkil etmişdir. Azərbaycanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin baş mütəxəssisi Nərmin Bağırova, “Gender və insan hüquqları” tədqiqat birliyinin üzvü Könül Bünyadzadə təmsil etmişlər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, adı çəkilən Konvensiya qadınların hüquqlarını müdafiə mexanizmlərindən biridir və ona qoşulmuş ölkələr öz üzərlərinə müvafiq öhdəliklər götürürlər. Konvensiyanın müddəalarının həyata keçirilməsinə nəzarət üçün BMT nəzdində ayrıca komitə yaradılmışdır.
Azərbaycan bu sənədə 1995-ci ildə qoşulmuş, 2000-ci ildə isə konvensiyanın Fakultativ protokolunu imzalamışdır.
Almatı görüşünün iştirakçıları öz ölkələrində konvensiyanın tələblərinin yerinə yetirilməsi, qadınların hüquqlarının müdafiəsi barədə fikir mübadiləsi aparmış, öz təcrübələrini bölüşmüşlər.