SİYASƏT
YUNİSEF AZƏRBAYCANDA UŞAQLARA GÖSTƏRİLƏN QAYĞIDAN RAZIDIR
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə regional ofisinin direktoru Filip D. O”Brien və Azərbaycan ofisinin rəhbəri Akif Saatçıoğlu ilə görüşmüşdür.
Komissiyanın sədri qonaqlara demişdir ki, keçid dövrünün çətinliklərinə baxmayaraq, müstəqil Azərbaycanda uşaqların problemlərinə ciddi yanaşılır. Milli Məclisdə qəbul olunmuş bir sıra qanunlar uşaqların hüquqlarının qorunması ilə bağlıdır. Bu istiqamətdə iş davam etdirilir. Lakin Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində doğma ocağından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrində böyüyən minlərlə uşaq ağır həyat tərzi keçirir.
Deputat daha sonra respublikamızda aparılan sosial islahatlar haqqında, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən uşaq problemləri ilə məşğul olan qurumlarla əməkdaşlığı barədə qonaqlara ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Filip D. O”Brien demişdir ki, Azərbaycanda uşaqların problemləri ilə bağlı qəbul olunmuş qanunlar, hökumət tərəfindən atılan addımlar, xüsusilə dövlət büdcəsindən uşaqlara yardımların ayrılması təqdirəlayiqdir. Azərbaycanda sosial problemlərin həlli istiqamətində atılan addımlar da region və dünya dövlətləri üçün nümunə olmağa layiqdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi olmuşdur.