SİYASƏT
Y.V.Çəmənzəminli: Azərbaycana və Ukraynaya həsr olunmuş ömür
Kiyev, 21 may, AZƏRTAC
Azərbaycanın Ukraynadakı ilk diaspor təşkilatına Yusif Vəzir Çəmənzəminlinin adının verilməsi, Ukraynanın Bakıdakı səfirliyinin onun adını daşıyan küçədə yerləşməsi dərin rəmzi məna daşıyır.
Azərbaycan xalqının ləyaqətli oğlu Y.V.Çəmənzəminli Ukraynanın vurğunu olub – bu fikir Yusif Vəzir Çəmənzəminlinin Müqəddəs Vladimir adına Kiyev Universitetini bitirməsinin 100 illiyinə həsr olunmuş “Ukrayna-Azərbaycan qarşılıqlı münasibətləri” adlı Beynəlxalq elmi-praktik konfransın iştirakçılarının çıxışlarından ana xəttini təşkil edib.
Azərbaycanın görkəmli yazıçısı, publisisti, dramaturqu, tarixçisi, folklorşünası və siyasi xadiminə - Ukraynanın böyük dostuna həsr olunmuş tədbir mayın 20-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Filologiya İnstitutunda (Fİ) Azərbaycan səfirliyi və Ukraynanın aparıcı dövlət ali təhsil ocağı olan KMU tərəfindən təşkil edilib.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndiriləndən sonra KMU-nun prorektoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, professor Pyotr Bex giriş sözü söyləyib. O, dahi Nizami Gəncəvinin və Taras Şevçenkonun, Ukrayna şairi, tərcüməçisi, ədəbiyyatşünası və hüquq müdafiəçisi Dmitri Stusun, türkmən ədəbiyyatının klassiki Mahtımqulunun, Krım-tatar intellektualı, maarifçisi, naşiri və siyasətçisi İsmayıl Qasprinskinin və başqalarının həyat və fəaliyyətinə həsr olunmuş bir sıra birgə tədbirlərin keçirilməsinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
Azərbaycan səfiri konfransın keçirilməsinə gözəl şərait yaratdığına görə KMU-nun rektoru, akademik Leonid Quberskiyə, habelə məxsusi olaraq təyyarə ilə Budapeştdən gəlmiş həmkarı, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə, həmçinin Y.V.Çəmənzəminlinin nəvələrinə - Bakıdan gəlmiş Leyla və Yusif Vəzirovlara səmimi təşəkkür edib.
Diplomatik nümayəndəliyimizin rəhbəri Yusif Vəzir Çəmənzəminlini misilsiz diplomat, gözəl yazıçı, yüksək intellektual və Azərbaycan xalqının şanlı oğlu adlandırıb.
Azərbaycanın Macarıstandakjı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, Ukrayna səfiri, tanınmış şərqşünas Yuri Koçubey, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Leyla Vəzirova, filologiya elmləri doktoru, B.Qrinçenko adına Kiyev Universitetinin professoru Nikolay Vaskiv, filologiya elmləri namizədi, KMU Fİ-nin dosenti İrina Pokrovskaya, həmin ali məktəbin dosentləri Zəminə Əliyeva və Fedora Arnaut, tarix elmləri namizədi, “Kiyev-Mogilyov Akademiyası” Milli Universitetinin dosenti Fərhad Turanlı, şeyx Şakir Yəhyayev və başqaları Y.V.Çəmənzəminlinin yaradıcılığından, onun Azərbaycan-Ukrayna ədəbi və diplomatik münasibətlərinin inkişaf etməsində və dərinləşməsində oynadığı roldan, Ukraynadakı fəaliyyətindən, həyatının Kiyev dövründən, Y.V.Çəmənzəminlinin yaradıcılıq və ictimai fəaliyyətində Ukrayna təhsilinin əhəmiyyətindən və bir çox başqa məsələlərdən danışıblar.
Konfransda Y.V.Çəmənzəminlinin o vaxt Kiyevdə təhsil alan Azərbaycan tələbələrinin həyatına həsr olunmuş “Tələbələr” romanını Ukrayna dilinə tərcümə etmək arzusu ifadə olunub. Cavabında Azərbaycanın Ukraynadakı səfiri elmi forumun iştirakçılarını əmin edib ki, bu layihəni mütləq həyata keçirəcək.
Tərəflər həmçinin Y.V.Çəmənzəminlinin anadan olmasının 130 illiyinə həsr edilmiş birgə tədbirin hazırlanması barədə yekdil rəyə gəliblər.
Daha sonra Azərbaycanın Ukraynadakı səfiri bir qrup fərqlənən şəxsə diplomatik nümayəndəliyimizin fəxri fərmanlarını təqdim edib.
Konfransın sonunda Y.V.Çəmənzəminlinin nəvəsi, Azərbaycan XİN-in işçisi Yusif Vəzirov babasının xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından dərin minnətdarlığını bildirib.
Konfransın iştirakçılarına akademik İsa Həbibbəylinin Ukrayna dilində “Azərbaycan ədəbiyyatı XX yüzilliyin əvvəllərində” kitabının nüsxələri hədiyyə verilib. Kitabda Y.V.Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında bölmə var. Kitab Azərbaycan səfirliyinin sifarişi ilə Ukrayna dilinə tərcümə olunub və Kiyevdə nəşr edilib.
Konfransda KMU Filologiya İnstitutunun direktoru, professor Qriqori Semenyuk, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, GUAM Katibliyinin nümayəndələri, Azərbaycanın dövlət və özəl şirkətlərinin Ukraynadakı nümayəndəliklərinin top-menecerləri, KMU-nun professor-müəllim heyəti və tələbələri, Azərbaycan diaspor və gənclər təşkilatlarının rəhbərləri və fəalları, elmi ziyalıların, Azərbaycan, türk və Ukrayna KİV-lərinin nümayəndələri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev