DÜNYA
Yağan güclü qar Gürcüstanda ciddi problemlər yaradıb
Tbilisi, 11 yanvar, AZƏRTAC
Güclü qarın yağması və güclü külək, eləcə də yolların buz bağlaması Gürcüstanda ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, hazırda Gürcüstanı Rusiya ilə birləşdirən yeganə Yuxarı Lars magistralında avtomobillərin hərəkəti dayanıb.
Gürcüstan-Rusiya sərhədində yüzlərlə avtomobil dayanıb. Avtomobil karvanının uzunluğu 20 kilometrdən çoxdur. Gürcüstan İnfrastruktur və Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatın görə, eyni mənzərə Rusiya tərəfində də yaranıb. Bildirilir ki, güclü qarın yağması, çovğun və yolların buz bağlaması, eləcə də qarlı aşırımlarda qar uçqunu təhlükəsi səbəbindən ölkədaxili və Rusiya sərhədinə gedən beynəlxalq əhəmiyyətli yolda bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmçinin Tbilisidən Batumiyə və Türkiyə ilə sərhədə qədər olan yollarda da problemlər yaranıb.
Kəskin hava şəraiti paytaxt Tbilisidə də fəsadlara səbəb olub. Belə ki, yolların buz bağlaması səbəbindən bir neçə qəza qeydə alınıb.
Gürcüstanın qərbində əsən güclü külək də ciddi problemlər yaradıb. Bəzi bölgələrdə külək ağacları kökündən qoparıb, bəzi evlərin dam örtüyü uçub.
“Energo-Pro-Georgia” enerji şirkətinin məlumatına görə, bəzi bölgələrdə elektrik dirəkləri aşıb və elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranıb.
Qara dənizin Gürcüstan sahillərində də güclü qasırğa var.
Hazırda Gürcüstanın müvafiq dövlət qurumları yollarda və bölgələrdə yaranan problemlərin həllinə çalışır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi