CƏMİYYƏT
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylarda daşqın və sel olub
Bakı, 4 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublika çaylarında sululuq artıb, iyunun 2-də Balakənçay, Talaçay, Kişçay, Dəmiraparançay, Girdimançay və Göyçay çaylarından qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 40-60, Naxçıvan Muxtar Respublika çaylarında isə 20 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 545 kubmetr olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 325 kubmetr təşkil etməklə ongünlük normanın 54 faizi ilə eyni olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 101 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 265 kubmetr olmaqla ongünlük normanın 135 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 131 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
İyunun 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 48, Şirvanda 54, Salyanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 70 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 453 (2017-ci il iyunun 4-də 381 sm), Şirvanda 269 (2017-ci il iyunun 4-də 265 sm), Salyanda 145 (2017-ci il iyunun 4-də 169 sm), Bankədə 183 (2017-ci il iyunun 4-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr (2017-ci il iyunun 4-də 88 sm) təşkil edir.