REGİONLAR
Yağış Xaçmazın taxıl zəmilərinə ziyan vurub VİDEO
Xaçmaz, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun ilk ongünlüyündə yağan yağışlar Xaçmaz rayonunun taxıl zəmilərinə ziyan vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxın günlərdə biçilməli olan taxıl zəmiləri güclü yağışın təsirindən yerə yatıb. Bu isə taxılın toplanması zamanı itkinin çoxalmasına səbəb olacaq.
Təsərrüfat sahibi İmamyar Hüseynov bildirib ki, küləklə müşayiət olunan yağış arpa ilə müqayisədə buğda sahələrinə daha çox ziyan vurub. Bu da buğdanın məhsuldarlığına təsir göstərib. “Buğda sahələrindən 40 sentnerdən yuxarı taxıl yığacağımızı proqnozlaşdırıdıq. İndi isə ancaq 25-30 sentnerə ümid edə bilərik”, - deyə təsərrüfatçı qeyd edib.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bölgədə yağıntılı hava şəraiti iyunun 13-nə kimi davam edəcək. Regionun bəzi ərazilərində intensiv xarakterli güclü leysan yağışlarının yağacağı da istisna olunmur.
Xaçmazda arpa biçininə artıq start verilib. Buğda sahələrində isə biçin prosesi iyunun son günlərində başlayacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.