CƏMİYYƏT


Yağlardan təkrar istifadə orqanizmə mənfi təsir göstərir

Bakı, 16 iyun, AZƏRTAC

Yeməklərin hazırlanmasında yağlar böyük rola malikdir və qidalara dad verən ən əsas nemətlərdən biridir. Bəzən yağlardan təkrar istifadə edilərək xörəklər hazırlanır və bu, onun kimyəvi tərkibinin dəyişilməsinə səbəb olur.

Yağlardan dəfələrlə istifadə edərək yemək hazırlanmasının zərərli xüsusiyyətləri barədə danışan həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “İstinin təsirindən yağların parçalanması nəticəsində sərbəst radikallar əmələ gəlir və onlar kanserogen xassəyə malik olaraq orqanizmdə bəzi şiş xəstəliklərinin yaranmasına səbəb olur. Təkrar istifadə zamanı parçalanma-birləşmə reaksiyaları baş verir: Bir neçə dəfə qızdırılıb soyudulmuş yağlarla qidalananda yaranan sərbəst radikallar orqanizmdə gedən müəyyən proseslərə mənfi təsir göstərir”.

Onun dediyinə görə, yağların təkrar istifadəsi hətta qarşısıalınmaz proseslərin əmələ gəlməsinə də səbəb ola bilər.

Yağlardan təkrar istifadə onunla qidalananlarla yanaşı, ondan yemək hazırlayanlarda da xəstəliklər yaradır. Ona görə də yeməkləri yağda bir dəfə bişirmək, təkrar istifadəyə yol verməmək lazımdır: “Yağların təkrar istifadəsi zamanı nişastalı qidalar çox qızardılarsa, onların üst hissələrində zəhərli aldehidlər yaranır. Həmin maddələr gözün və tənəffüs yollarının selikli qişalarını güclü şəkildə qıcıqlandırır və funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə sinir sistemi və qaraciyərdə ciddi fəsadlara səbəb olur”, - deyə həkim-diyetoloq əlavə edib.

Müasir dövrdə yağların əksəriyyəti kimyəvi üsullarla hazırlanır. Ona görə də orqanizmə zərər yetirilməməsi üçün onlardan təkrar istifadə yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.