REGİONLAR
“Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb VİDEO
Xaçmaz, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlərin ilkin mərhələsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə aqroparkda 385 hektar ərazidə ABŞ istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Bununla yanaşı, 225 hektar ərazidə dənlik, 160 hektar ərazidə isə silosluq qarğıdalı səpini həyata keçirilib.
Aqroparkın direktoru Azər Nəsibov AZƏRTAC-a müsahibəsində bildirib ki, əkin sahələrinə müxtəlif gübrələr verilərək lazımi aqrotexniki qulluq olunur. Müasir texnologiyanın tətbiqi yüksək məhsuldarlığa imkan yaradır. Bununla yanaşı, buradakı təsərrüfatın fasiləsiz su ilə təminatı üçün Samur-Abşeron kanalından 3,2 kilometr uzunluğunda beton suvarma kanalı çəkilib və tutumu 50 min kubmetr olan su hovuzu tikilib. Bu, təsərrüfatın suya olan tələbatını ödəməklə yanaşı, ətraf kəndlərin də suvarma suyuna olan ehtiyacının ödənilməsində mühüm rol oynayacaq.
“Yalama Aqropark”da istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Hollandiya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə olunur.
Hazırda aqroparkın ərazisində saatda 5 ton yem istehsal edən zavod tikilir. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiqi ilə cins iribuynuzlu heyvandarlıq kompleksinin, süd emalı, istixana kompleksi və intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq.
“Yalama Aqropark”da tikinti-quraşdırma işlərin sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.
Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında əlaqələrin möhkəmləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.