REGİONLAR
“Yalama Aqropark”ın tərəfdaşlığı ilə keçirilən forumda 21 ölkədən südçülük üzrə ekspertlər iştirak edir VİDEO
Xaçmaz, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
“Yalama Aqropark”ın tərəfdaşı Almaniyanın “Josera” şirkəti ilə birgə təşkil etdiyi foruma dünyanın 21 ölkəsindən südçülük sahəsi üzrə 65 ekspert qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Dairy Expert Forum 2019” adlanan tədbirin iştirakçıları aprelin 3-də “Yalama Aqropark”a gələrək burada yaradılan şəraitlə tanış olublar.
Forum çərçivəsində müəssisədə təşkil edilən panellərdə südçülük sahəsində təcrübə və bilik mübadiləsi aparılıb, müxtəlif mövzular müzakirə edilib.
Tədbirin praktiki hissəsində “Yalama Aqropark”da yem rasionlarında əlavələr və vitaminlərin istifadəsi, yemləmə sahəsində innovativ yanaşmalar, həmçinin silos hazırlanması və istifadəsi haqqında danışılıb.
“Yalama Aqropark” MMC-nin icraçı direktoru Zaur Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, südçülük sahəsində təcrübə və bilik mübadiləsi platforması kimi qəbul olunan bu tədbir indiyədək dünyanın müxtəlif ölkələrində keçirilib.
Forumun məqsədi ölkəmizdə südçülük sahəsinin inkişafı üçün beynəlxalq təcrübəni öyrənmək, bilik və təcrübə mübadiləsini təmin etməkdir. Tədbir əcnəbi mütəxəssislərin ölkəmizdə mövcud heyvandarlıq kompleksləri haqqında məlumatlandırılmasına şərait yaradır.
Üç gün davam edəcək forumda Almaniya, Fransa, İspaniya, Belçika, Türkiyə, Ekvador, Çili, Kanada həmçinin Rusiya, Ukrayna, Belarus kimi ölkələrdən mütəxəssislər iştirak edirlər.
Aprelin 2-də Bakı şəhərində başlayan forumun ilk günündə mütəxəssislərin təqdimatları dinlənilib. Aprelin 4-nə isə forum iştirakçıları paytaxtın tarix və mədəniyyət abidələri ilə tanış olacaqlar.
“Yalama Aqropark” Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkə üzrə yaradılmış ilk aqroparkdır.