REGİONLAR


Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi istifadəyə verilib VİDEO

Xaçmaz,11 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan dəmir yolunun şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi (TXM) istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Yük daşımaları Departamentinin Şimal vaqon deposuna məxsus olan bu xidmət məntəqəsinin binası müasir üslubda inşa edilərək fəaliyyət üçün hər cür şərait yaradılıb. Yeni məntəqənin daxilində soyunub-geyinmə, növbətçi, dərs və mətbəx otaqları fəaliyyət göstərir. Rahat iş şəraitinin təmin edilməsi üçün yeni binada avtonom istilik sistemi, kondisioner quraşdırılıb və su ehtiyatı üçün həyətdə çən qoyulub. Dərs otaqları lazımi plakat və digər əyani vəsaitlərlə, mebel dəstləri ilə, həmçinin kompüter və telefonlarla təmin edilib. İşçilərə yeni geyim formaları təqdim olunub.

Məntəqənin açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev bildirib ki, TXM–nin fəaliyyəti respublikaya daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir. Bakı-Dərbənd dəmir yolu xətti 1900-cu ildə istismara verilib. Azərbaycan dövlət müstəqilliyini bərpa edənə qədər vaqonların Texniki Xidmət Məntəqəsi Rusiya Federasiyası Şimali Qafqaz dəmir yolunun Dərbənd stansiyasında fəaliyyət göstərib. Respublikamıza daxil olan və buradan göndərilən qatarlara baxış həmin stansiyada həyata keçirilib.

1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada TXM-si binasının tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyanın cüt boğazında TXM-in fəaliyyətə başlaması üçün, müvəqqəti olaraq, istismardan silinmiş örtülü vaqon qoyulub və uzun illər bu cür fəaliyyət göstərib. 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni TXM binasının inşasına başlanılıb.

Açılış mərasimində bildirilib ki, qış mövsümündə kifayət qədər soyuq havalarla müşahidə olunan bu ərazidə yeni xidmət obyektinin inşası çox mütərəqqi addımdır. Bu, həm də sərhəd bölgəsində fəaliyyət göstərən müəssisələrin abadlığı baxımından vacib məqamdır.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Texniki Xidmət Məntəqəsində yaradılan iş şəraiti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.