CƏMİYYƏT


Yalan və ya sirli baron Münhauzen sindromu

Bakı, 8 oktyabr, AZƏRTAC

Münhauzen sindromu psixiatrik pozuntudur. Bu problemdən əziyyət çəkənləri əbəs yerə simulyant, fırıldaqçı, “professional xəstə” və ya “xəstəxana birəsi” adlandırmırlar. Onlar tibb müəssisələrinə düşmək üçün hər yola əl atırlar. Həmin meyl çox vaxt keçirilmiş ağır xəstəlikdən, yaxın adamın itkisindən, sevgilisindən ayrılandan sonra və ya tənhalıqdan yaranır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakıdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanova məlumat verib.

Həkim həmin xəstəliyin sirli Münhauzen sindromu adlandırıldığını deyib: “Ilk dəfə bu xəstəlik İngiltərənin Mərkəzi Middleseks Xəstəxanasının zehni müşahidə şöbəsinin müdiri, endokrinoloq və hematoloq Riçard Aşer tərəfindən müəyyən edilib. Həkim patoloji dərəcədə yüksək müalicə almaq istəyi olan xəstəni müəyyən edib və problemi məşhur hekayənin yalançı qəhrəmanının şərəfinə Münhauzen sindromu adlandırıb. Təəssüf ki, professional simulyantların davranışı heç də hekayə qəhrəmanının uydurmaları kimi zərərsiz deyil. Simulyantların çoxu skalpel altına uzanmaq arzusu ilə yaşayır. Ona görə də yalançı “baronlar” əksərən qarında baş verən ağrılardan şikayətlənir və dərhal əməliyyat olunmaq istəyirlər. Onların arasında xüsusi “istedadlar” mədə xorasının deşilməsini o qədər ustalıqla imitasiya edirlər ki, çox vaxt həkimləri də çaş-baş salırlar. Qan müayinəsinin nəticələri normal olduğu halda xəstə şiddətli ağrılardan şikayət edir. Cərrah ehtimalları nəzərə alıb “xəstəni” əməliyyata götürür və onun qarnında çapıq əmələ gəlir. Bəzən əməliyyat masasına uzanmaq üçün bəziləri mismar, qaşıq, çəngəl, hətta tibbi alətləri udurlar. Münhauzen sindromunun həmin forması abdominal tip adlanır”.

M.Osmanova bildirib ki, homorragik tipli xəstələr isə mütəmadi olaraq təbii və çox vaxt süni şəkildə orqanizmin müxtəlif hissələrində qanaxma törədirlər: “ Bəziləri isə vəziyyəti daha da dramatikləşdirmək üçün heyvan qanından istifadə edir və kiçik kəsiklərlə böyük yaralanma təəssüratı yarada bilirlər.

Yalançı “xəstələrin” bir qrupunda isə keçici nevroloji dəyişikliklər olur. Onlar güclü baş ağrısı, epileptik tutma, iflic, bayılma, hissiyyatın itirilməsi kimi əlamətləri ustalıqla imitasiya edirlər.”

Həkim-terapevt həmin sindroma mübtəla olanların digər xüsusiyyətlər barədə də danışıb: “Münhauzen sindromu olanlar vəziyyətə uyğunlaşa bilir və onlarda “möcüzəli şəkildə” yaxınlıqdakı xəstəxananın profilinə uyğun olan simptomlar əmələ gəlir. Onların əksər hissəsi uşaqlıqda ağır xəstəlik keçirərkən həkim və yaxınlarının xüsusi qayğısını görüblər. Sonralar həmin qayğı atmosferini təzədən yaşamaq üçün özləri “xəstəlik modeli” yaradır və valideynlərin xoş rəftarından istifadə edirlər.

Həmin sindromun daşıyıcılarının “səyahət” motivləri bir-birindən fərqli olsa da, hərəkətlərinin ümumi üslubu eynidir. Bu problemlə üzləşənlərin hamısında eqosentrizm, özünüsevmə, ipoxondriya, tənhalıq, patoloji yalançılıq, bəzən mazoxizm və emosional gerilik müşahidə olunur. Ətrafdakılarla yaxın münasibət yarada bilməyən xəstələr ancaq xüsusi tibbi ədəbiyyatla maraqlanır və stimulə etdiyi xəstəliklərin əlamətlərini həkimi heyrətə salacaq dərəcədə dəqiqliklə təsvir edir. Xəstəliyi imitasiya edən qadınlar özlərini daha çox isterik, kişilər isə aqressiv aparır. Maraqlıdır ki, belə xəstələrin təfəkküründə heç bir qüsur olmur, əqli inkişaf göstəricisi isə çox vaxt normadan yüksək olur.

“Baronlar” xəstəxanada yatmağa çox ciddi şəkildə hazırlaşır, stasionara axşam və gecə saatlarında, ya da bayram günlərində müraciət etməyə üstünlük verir və heç vaxt eyni xəstəxanaya müraciət etmirlər. Münhauzen sindromluların müşahidələrinə görə, həmin günlərdə daha təcrübəsiz gənc həkimlər növbədə olurlar. Lakin cərrah xəstənin “kəskin” sancısına, “dəhşətli” qanaxmasına və digər “təhlükəli” halına lazımi diqqət ayırmadıqda yalançılar başqa tibb müəssislərinə üz tuturlar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.