MƏDƏNİYYƏT


Yalçın Adıgözəlov: Moskvada yaşayan həmyerlilərimiz qarşısında çıxış etmək böyük məsuliyyətdir

Moskva, 14 aprel, AZƏRTAC

Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, festivalın ilk konserti “Azərbaycanın opera səsləri” adlanıb. Moskva klassik musiqi həvəskarları Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluğu, Rusiya Milli Orkestrinin müşayiəti ilə opera müğənnisi Azad Zadənin (tenor) ifasını dinləyiblər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konsertin proqramına Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Corc Bize və digər bəstəkarların əsərləri daxil edilib.

Maestro Yalçın Adıgözəlov AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskva Konservatoriyasında çıxış etməyin böyük məsuliyyət olduğunu vurğulayaraq deyib: “Təkcə ona görə yox ki, Moskva Konservatoriyasının Böyük zalı dahi musiqiçilərin çıxış etdiyi əfsanəvi məkandır. Tamaşaçılar arasında bizim həmvətənlərimiz də var. Onların qarşısında çıxış etmək böyük məsuliyyətdir. Biz bugünkü konsertdə həm Avropa, həm Rusiya, həm də əlbəttə, Azərbaycan musiqisini təqdim etdik. Bilirəm ki, həmyerlilərimiz Azərbaycan musiqisi üçün darıxırlar”.

Y.Adıgözəlov qeyd edib ki, Dinara Əliyevanın festivalı opera sənəti sahəsində böyük hadisədir. Həm də Azərbaycanın gənc vokalçısı Azər Zadənin Moskvada çıxış etməsi qürurvericidir. Tamaşaçılar onun ifasını hərarətlə qarşıladılar. Azər üç dildə - Azərbaycan, rus və italyan dillərində əsərlər təqdim etdi. Ümumiyyətlə, Azərbaycanda çox istedadlı vokalçılar nəsli yetişir. Elçin Əzizov, Yusif Eyvazov, Əvəz Abdullayev, Azər Zadə və başqaları ölkəmizi dünyanın mötəbər teatr səhnələrində uğurla təmsil edirlər.

Azər Zadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Hazırda Milanın La-Skala Teatrında çalışır. Bir sıra beynəlxalq müsabiqələrin laureatıdır.

Azərbaycanın Xalq artisti Dinara Əliyevanın “Opera Art” festivalı Moskvada iki ildən bir keçirilir. Bu il aprelin 13-də start götürən festival mayın 30-dək davam edəcək. Festival çərçivəsində beş konsert nəzərdə tutulub. Aprelin 21-də “Belarusun opera səsləri” konsert proqramı təqdim olunacaq. Daha sonra isə festival müxtəlif günlərdə “İtaliya operasının xor şedevrləri”, Puççininin “Madam Batterflay”, Dvorjakın “Rusalka”, Verdinin “Ernani” operalarının konsert variantları ilə davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.