SİYASƏT


Yalçın Hacızadə: Prezident İlham Əliyevin formalaşdırdığı “nəyi necə, nə vaxt etmək lazımdır” konsepsiyası özünü doğrultdu

Bakı, 18 avqust, AZƏRTAC

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Azərbaycan 3 il müddətində Laçın dəhlizinə alternativ yolun tikintisini bitirməli idi. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işlərini həyata keçirən dövlətimiz bu yolu 3 ilə deyil, daha az müddətdə bitirdi. Buna görə Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər avqust ayının sonuna qədər həmin ərazilərdən çıxarılır. Ermənilər işğal müddətində Yaxın Şərq ölkələrindən gətirilərək həmin ərazilərdə qanunsuz şəkildə məskunlaşdırılıb. Yəni, onları Azərbaycan dövlətinə, yaşadıqları torpağa bağlayan hüquqi əsaslar yoxdur. Təbii ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin vaxtilə Azərbaycan vətəndaşı olmuş və həmin ərazilərdə məskunlaşmış ermənilərə münasibəti bəllidir. Dövlətimizin başçısı son müsahibəsində də bununla bağlı açıq şəkildə bildirib: “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan dövləti digər vətəndaşlarının, Azərbaycanda yaşayan digər xalqların hüquqlarını necə qoruyursa ermənilərin də hüquqlarını elə qoruyacaq”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızda məskunlaşdırılmış ermənilər bu gün Azərbaycan dövlətinin hər hansı bir müdaxiləsi və təzyiqi olmadan köçürlər. Halbuki, 1992-ci ildə Laçın rayonu işğal olunan zaman erməni silahlı qüvvələri yüzlərlə vətəndaşımızı qətlə yetirib və əsir götürüblər. Yaşayış məskənlərimizi, tarixi, milli və dini abidlərəmizi talayaraq məhv ediblər. Sakinlərin yaşayışı üçün zəruri əşyalarını götürmələrinə belə imkan verməyiblər. Amma indi Azərbaycan dövləti qanunsuz məskunlaşmış ermənilərin köçmələrinə imkan yaratsa da, onlar dinc şəkildə getmək əvəzinə, yenə də evləri, obyektləri, meşələri yandırır, ərazini minalayırlar. Əlbəttə, bütün bunlar həmin torpaqların sahibinin hansı xalq olduğunu göstərir - köçən zaman qayıdacağını bildiyi üçün heç bir əşyasına zərər vurmayan azərbaycanlı və bunun əksinə, həm gələndə, həm də gedəndə özünün olmadığını bildiyi üçün tikililərlə yanaşı, təbiəti də məhv edən erməni. Fərq budur!

“Siyasi strategiyada qüvvət, zaman və məkan elementləri çox önəmlidir. Zamanında edilməyən, dəyərləndirilməyən fürsətin bərpası üçün bəzən onilliklər sərf edilməli olur. Ona görə “nəyi necə, nə vaxt etmək lazımdır”ı bilmək vacib amildir. Azərbaycan dövləti işğal edilmiş torpaqlarının azad olunması üçün qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistanla 30 ilə yaxın danışıqlar apardı. Bu müddətdə dövlətimizə qarşı təhdid və təxribatlar da həyata keçirildi. Danışıqlarla yanaşı, ölkənin iqtisadiyyatı, hərbi potensialı da inkişaf etdirilirdi. Bütün bunlar danışıqların davam etdirilməsinin daha faydasız olduğu zaman yaradılmış iqtisadi imkana, formalaşdırılmış hərbi potensiala söykənən addımın atılması üçün fürsətin gözlənilməsi məqsədi daşıyırdı. Yəni, Prezident İlham Əliyevin formalaşdırdığı və Azərbaycan dövlət idarəçiliyinin, daxili və xarici siyasətin əsas tezisi olan “nəyi necə, nə vaxt etmək lazımdır” konsepsiyası özünü doğrultdu. Azərbaycan dövlətinin 30 ildə əsas problemi olan “torpaqların işğaldan azad olunması” “nəyi necə, nə vaxt etmək lazımdır” tezisi əsasında baş diplomat və Ali Baş Komandan olaraq Prezident İlham Əliyevin strategiyası əsasında həyata keçdi. Ermənilərin bizə qarşı torpaq iddiaları 200 ilə yaxındır davam edir. Hətta havadarlarının köməyi ilə tarixi torpaqlarımızı ələ keçirsələr də, Azərbaycan ədaləti bərqərar edərək öz ərazilərini işğaldan azad etdi. Ona görə ölkəmizin bu Qələbəsi təkcə 30 illik işğala yox, 200 illik düşmənçiliyə cavab oldu”, -deyə Yalçın Hacızadə vurğulayıb.

O əlavə edib ki, müharibədə qazanılan Qələbə qədər onun nəticələrinin qorunması və rəsmiləşdirilməsi də vacibdir. Prezident İlham Əliyev tərəfindən aparılan siyasət, qüvvət, zaman və məkan elementlərinin düzgün seçilməsi ona “nəyi necə, nə vaxt etmək lazımdır” konsepsiyasında düzgün və milli maraqlara söykənən qərar qəbul etmək imkanı verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.