SİYASƏT


Yalçın Hacızadə: “Siyasi partiyalar haqqında” Qanunun yenidən hazırlanması təqdirəlayiqdir

Yalçın Hacızadə: “Siyasi partiyalar haqqında” Qanunun yenidən
hazırlanması təqdirəlayiqdir

Bakı, 26 noyabr, AZƏRTAC

“Siyasi partiyalar haqqında” Qanunun yenidən hazırlanması təqdirəlayiq haldır. Belə ki, mövcud Qanun 1992-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul olunub. Sonrakı illərdə bu Qanuna müəyyən dəyişikliklər də edilib. O vaxt ölkəmizdə çoxpartiyalı sistem yeni yaranmışdı və bu sahədə kifayət qədər təcrübə də yox idi. Mövcud qanun bu günün şərtlərinə, siyasi vəziyyətinə uyğun deyildi. Bu səbəbdən də onu müxtəlif əlavə və dəyişikliklərlə işlək mexanizmə gətirmək faydalı olmazdı. Layihəyə görə, yeni qanun qəbul edildikdən sonra mövcud qanun qüvvədən düşəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq qeyd edib ki, tətbiq olunan normalar, yol xəritələri zərurət nəticəsində yaranır. Siyasi partiyalar haqqında yeni qanunun qəbul olunması da zəruridir. Qüvvədə olan Qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb. Qanunlar elə formada olmalıdır ki, nə siyasi fəaliyyətlə məşğul olan şəxslərə və qurumlara məhdudiyyət yaratsın, nə də ondan istifadə edənlərə sui-istifadə hallarına imkan versin.

Ona görə də qanun layihəsi siyasi partiyanın təsis olunması və fəaliyyətinin bütün sahələrini tənzimləyəcək şəkildə hazırlanıb. Qanun layihəsi, həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyasının şərtlərinə tam uyğundur. Yəni, qanunun dili sadə, başadüşülən formadadır. Qüvvədə olan Qanundan fərqli olaraq, burada maddələr mahiyyətinə uyğun düzülüb və nömrələnib.

“Qanun layihəsinin müzakirəyə çıxarılan ilkin variantında siyasi partiyaların qeydiyyata alınması üçün 10 min üzvünün olması göstərilsə də, ictimai müzakirələr və dinləmələr zamanı bu sayın azaldılması ilə bağlı təkliflər nəzərə alınaraq 5 minə endirilib. Bundan əlavə, ilkin variantda göstərilən “2 dəfə ardıcıl olaraq parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək” şərti də sonrakı müzakirələrin nəticəsində sənəddən çıxarılıb. Mövcud Qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir, təklif edilən yeni layihədə də bu müddəa saxlanılır. Eyni zamanda, siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə nömrəsi göstərilməklə reyestri də aparılacaq”, - deyə Yalçın Hacızadə vurğulayıb.

O bildirib ki, “Siyasi partiyalar haqqında” Qanunun əvvəlki variantında göstərilirdi ki, “qanun qüvvəyə mindikdən sonra hər bir partiya 90 gün ərzində üzvləri barədə məlumatları reyestrə daxil etməlidir. İctimai müzakirələrdən, ölkədə fəaliyyət göstərən siyasi partiyaların təklifləri nəzərə alınandan sonra bu müddət 90 gündən 180 günə qədər artırıldı. Yeni Qanun üzvlərin reyestrinin yaradılmasının qeyd edilməsi, şəffaflıq və siyasi partiyaların bazasının müəyyən edilməsi baxımından məqsədəmüvafiq normadır. Həmçinin bununla bir şəxsin müxtəlif partiyalara üzv olmasının da qarşısı alınır.

Politoloq vurğulayıb ki, təklif olunan qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq.

Müstəqilliyin ilk illərində kütləvi şəkildə QHT və siyasi partiya yaratma adətən dəb halını almışdı. Ona görə ölkədə adı olub fəaliyyəti, siyasi bazası və ictimai dayağı olmayan 3-5 nəfərdən ibarət çoxlu sayda partiyalar yaranıb. Əsas fəaliyyəti, məqsədi, siyasi mübarizəsi olan partiyalar təkmilləşməli, siyasi instituta çevrilməlidir. Ona görə qanun layihəsində nəzərdə tutulan normalar siyasi partiyaların təkmilləşməsi, inkişafı baxımdan faydalı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.