CƏMİYYƏT
Yalnız milli birlik və vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik şəraitində böyük qələbələrə imza atmaq mümkündür
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyasının “Azərbaycan Respublikasında ictimai sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.
Sonra Milli Məclisin deputatı Cavid Osmanov məruzəçi qismində mövzu ilə bağlı çıxış edib. Azərbaycanın geostrateji məkanda yerləşdiyini deyən C.Osmanov bildirib ki, tarixən bu regionda müəyyən beynəlxalq dairələrin maraqları olub. Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı təhdidlər davam edib. Müəyyən maraqlı dairələr Azərbaycanın parçalanmasına çalışıb. 1993-cü ildə həqiqətən də Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edib, qısa müddətdə ictimai-siyasi sabitlik təmin olunub, Azərbaycan inkişaf yoluna qədəm qoyub.
C.Osmanov qeyd edib ki, ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. Hazırda Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Bunun nəticəsində Azərbaycan dinamik inkişaf edərək dünyada söz sahibi olan dövlətə çevrilib. İnkişafın təməlində dayanan mühüm amillərdən biri ictimai sabitlikdir. Həyat sübut edir ki, sabitlik olmadan inkişaf mümkün deyil. Bunu yaxın tariximizdə baş verən proseslər də təsdiqləyir. Milli Məclisin deputatı diqqətə çatdırıb ki, yalnız milli birlik və vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik şəraitində böyük uğurlara və qələbələrə imza atmaq mümkündür. Bunu 44 günlük Vətən müharibəsi bir daha təsdiqləyib. Ona görə də, bundan sonra da cəmiyyətimizdə birliyimiz möhkəm olmalı, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməməlidir.
Daha sonra iştirakçıların suallarını cavablandırılıb.