CƏMİYYƏT
Yanacaqdoldurma məntəqəsində soyğunçuluq edən şəxslər saxlanılıb
Bakı, 5 fevral, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinə daxil olmuş müraciətdə fevralın 1-də saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını aldığı bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk etmələri müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.