İQTİSADİYYAT
Yanvar-avqust aylarında "PAŞA Həyat" 55,982 milyon manat həcmində sığorta haqqı toplayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
"PAŞA Həyat" sığorta şirkəti 2016-cı ilin yanvar-avqust ayları üzrə ilkin hesabatını açıqlayıb.
Şirkətin strateji direktoru İsrail Qarayev AZƏRTAC-a bildirib ki, cari ilin yanvar-avqust aylarında "PAŞA Həyat" tərəfindən 55,982 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43 faiz çox olub. Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat" tərəfindən 14,495 milyon manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 2,1 dəfə artıb.
Bununla yanaşı, cari il sentyabr ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 160 milyon manata yaxın, nizamnamə kapitalı isə 40,250 milyon manat təşkil edib. Məcmu aktivlərinin həcminə görə "PAŞA Həyat" Azərbaycanın ən iri sığorta şirkətidir.
Xatırladaq ki, "PAŞA Həyat" müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta" və digər könüllü həyat sığortası məhsulları təklif edir.