CƏMİYYƏT


Yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində 800 mindən çox tibbi xidmət göstərilib

Bakı, 22 fevral, AZƏRTAC

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdikləri ilkin hesabatlara əsasən yanvar ayı ərzində 268 min 87 nəfər həmin müəssisələrə ümumilikdə 448 min 501 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 873 min 19 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 752 min 776-sı ambulator, 120 min 243-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar ayı ərzində əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (366), Şirvan şəhəri (183), Zaqatala (170), Qax (140), Ağdaş (136), Qəbələ (135), Göyçay (129), Oğuz (126), Ağsu (124) və Xaçmaz (121) rayonları.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (97 min 814), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (50 min 605), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (40 min 844), Zaqatala (37 min 154), Ağdaş (34 min 797), Şəki (33 min 945), Göyçay (33 min 931), Qusar (27 min 256), Quba (25 min 593) və İsmayıllı (24 min 391) Rayon Mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Zaqatala, Şəki, Göyçay, Ağdaş, İsmayıllı, Ucar və Quba Rayon Mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Ağdaş, Qobustan, Qusar Rayon Mərkəzi xəstəxanaları, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Quba, Göyçay, Zaqatala və Bərdə Rayon Mərkəzi xəstəxanaları.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs sisteminin xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

Qeyd olunmalıdır ki, agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.

Bu ilin yanvar ayı ərzində TƏB üzrə əhalinin hər 1000 nəfərinə olunan müraciət sayına gəldikdə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (123), Şəki-Zaqatala TƏB (119), Göyçay-Kürdəmir TƏB (104), Dağlıq Şirvan TƏB (103), Quba-Xaçmaz TƏB (97), Gəncə TƏB (62), Şəmkir-Tovuz TƏB (48), İmişli-Sabirabad TƏB (39), Sumqayıt TƏB (38), Cəlilabad-Salyan TƏB (37), Ağdam-Ağcabədi TƏB (34) və Lənkəran TƏB (31).

TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə isə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (166 min 176), Şəki-Zaqatala TƏB (165 min 678), Quba-Xaçmaz TƏB (138 min 557), Dağlıq Şirvan TƏB (87 min 945), Göyçay-Kürdəmir TƏB (83 min 992), Gəncə TƏB (66 min 330), Şəmkir-Tovuz TƏB (46 min 620), İmişli-Sabirabad TƏB (34 min 860), Ağdam-Ağcabədi TƏB (31 min 158), Lənkəran TƏB (27 min 802), Cəlilabad-Salyan TƏB (22 min 720) və Sumqayıt TƏB (1181).

Yanvarın 1-nə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 577 min 600 nəfər təşkil edir.

Qeyd edək ki, bu il aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.