İQTİSADİYYAT
Yanvar-fevral aylarında kommersiya qurumlarının 62,9 faizi elektron qaydada qeydiyyata alınıb
Bakı, 6 mart, AZƏRTAC
Martın 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 87,2 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,5 faiz təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralda fəaliyyəti aktiv olan hüquqi şəxslərin 84,9 faizi kommersiya qurumları olub. Ümumiyyətlə, ötən ay 127 min 527 kommersiya qurumu qeydiyyatda olub. Onlardan 70 min 93-nün və ya ümumi kommersiya qurumlarının 55 faizinin vəziyyəti aktiv olub.
Fevralda kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 20 min 491 vahid təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə 4025 vahid (24,4 faiz) artıb, onların xüsusi çəkisi isə 0,8 faiz çox olub.
Ümumiyyətlə, keçən ilin eyni dövrü ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 5 min 466 vahid və ya 18,7 faiz artaraq 34 min 658 vahid təşkil edib.
Bu ilin ilk iki ayında kommersiya qurumlarının 1369-u və ya 62,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 90,8 faiz olub. Hesabat dövründə 204 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) qeydə alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,4 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 13,5 faiz təşkil edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu il martın 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin sayı 15 min 21 vahid və ya 13,4 faiz artıb.