İQTİSADİYYAT
Yanvar-fevral aylarında ölkədə elektrik enerjisi istehsalı artıb
Bakı, 18 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevralda Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 331,2 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 milyon kVt/saat, yaxud 6,3 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevral ayında elektrik enerjisinin idxalı 9,8 milyon kVt/saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 milyon kVt/saat azalıb. Bu dövrdə elektrik enerjisinin ixracı 248,2 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 89,4 milyon kVt/saat artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 326,2 milyon kVt/saat, yəni 7,2 faiz artaraq 4 milyard 887 milyon kVt/saat olub.
Hesabat dövründə ötən ilin ilk 2 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 313,3 milyon kVt/saat artaraq 4 milyard 677,5 milyon kVt/saat, SES-lərdə 13,9 milyon kVt/saat artaraq 154,6 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1 milyon kVt/saat azalaraq 54,96 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 13,16 milyon kVt/saat, günəş elektrik stansiyalarında 7,7 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 34,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 milyard 450,4 milyon kVt/saat (İES-lərdə 4 milyard 303,8 milyon kVt/saat, SES-lərdə 146,6 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 53,73 milyon kVt/saat (İES-lərdə 39,8 milyon kVt/saat, SES-lərdə 6,8 milyon kVt/saat, GES-də 7,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,6 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 375,27 milyon kVt/saat təşkil edib.
Cari ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 493,5 milyon kVt/saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 159,6 milyon kVt/saat, elektrik enerjisinin idxalı isə 20,6 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyon kVt/saat artıb.