QAN YADDAŞI
Yanvar hadisələri totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərdi
Şamaxı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Həmin gün milli azadlığımız və ərazi bütövlüyümüz uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı silah qaldırıldı. Hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet imperiyasının süqutu ərəfəsində totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Pedaqoji Universitetin Şamaxı filialında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbirdə səsləndirilib.
Filialın direktoru Tünzalə Yusifova, humanitar və xüsusi fənlər kafedrasının müəllimi Zərifə Cavadova çıxışlarında 20 Yanvar hadisələrinin əslində erməni daşnaklarının azərbaycanlılara qarşı əsrin əvvəllərindən başlanan mənfur siyasətinin davamı olduğunu vurğulayıblar. Qeyd olunub ki, XX əsrin sonunda da özlərinin mənfur simalarını göstərən ermənilər yenidən Azərbaycan xalqına qarşı cinayət törətmək məqsədilə iğtişaşlar törədib, Qorbaçov kimi insanların himayəsinə sığınaraq Bakı şəhərinə silahlı qoşun yeridilməsinə nail olublar. Əsasən ehtiyatda olan əsgər və zabitlərdən təşkil edilən silahlı quldurlar Bakını mühasirəyə alıb, dinc əhaliyə qarşı odlu silahdan istifadə edərək yüzlərlə insanı qətlə yetiriblər. Şəhid olanların arasında ahıllar, uşaqlar, qadınlar da olub. Onların sırasında iki nəfər Şamaxı sakini də var.
Çıxışlarda bildirilib ki, ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək səsləndirdiyi sərt bəyanat faciəyə verilən ilk siyasi qiymət idi.
Sonda şəhidlərin xatirəsinə həsr olunan film nümayiş etdirilib.