CƏMİYYƏT
Yanvar-iyul aylarında fərdi uçota alınanların sayı 112 min 522 nəfər artıb
Bakı, 15 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin iyul ayında 13 min 522 nəfər, yanvar-iyul aylarında isə 112 min 517 nəfər artaraq 3 milyon 292 min 671 nəfərə çatıb. Onlardan 674 min 176 nəfərini (20,4 faiz) 30 yaşa qədər olanlar, 833 min 656 nəfərini (25,3 faiz) 30-40 yaşlarında olanlar təşkil edir. Həmçinin sığortaolunanların 661 min 802 nəfəri (20,1 faiz) 40-50 yaşlarında olanlar, 695 min 393 nəfəri (21,1 faiz) 50-60 yaşlarında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, fərdi uçot sistemində qeydiyyata alınan hər bir sığortaolunan üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığı və onun üçün fərdi şəxsi hesabın açıldığı sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə, vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.