İQTİSADİYYAT
Yanvar-iyul aylarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2,7 faiz artıb
Bakı, 20 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 26,8 milyard manat olmaqla ötən ilə nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 2,7 faiz üstələyərək 25,8 milyard manata bərabər olub, onun 47,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 387,7 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.