CƏMİYYƏT
Yanvar-iyun aylarında elektron xidmətlərə 5,4 milyona yaxın müraciət qeydə alınıb
Bakı, 15 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-iyun ayları ərzində 5,4 milyona yaxın müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, elektron xidmətləri sırasında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətinə 1milyin 932 min 829 müraciət daxil olub. “İş yerinə dair arayış” xidmətinə 582 min 029, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” xidmətinə 446 min 915, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətinə isə 386 min 461 müraciət edilib.
Müraciətlərin sayına görə sonrakı yerlərdə 164 min 411 müraciətlə “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, 126 min 783 müraciətlə “Sığortaolunanlara məlumatların verilməsi”, 125 min 097 müraciətlə “Sığortaolunanın onlayn uçota alınması” və 103 min 889 müraciətlə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətləri gəlir.
Hazırda nazirlik tərəfindən əhaliyə 30-a yaxın növdə e-xidmət göstərilir və əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə e-xidmətlərin əhatə dairəsi getdikcə genişlənməkdədir.