REGİONLAR
Yanvar-mart aylarında Lerikdə 320 yeni iş yeri açılıb
Lerik, 19 aprel, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər, Lerik rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamlar rayonda uğurla icra edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclasında məlumat verilib.
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların Lerik rayonunun da inkişafına təsir etdiyini vurğulayan R.Bağırov bu ilin üç ayı ərzində rayonda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının artdığını, 320 yeni iş yerinin açıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, dağlıq ərazidə yerləşən Lerikdə havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin icrasının aparılması mümkün olmadığından 2018-ci il üçün nəzərdə tutulmuş işlərə aprel ayından başlanılıb. Şəhərin İsmayıl Yaqubov küçəsində yerləşən kommunal yaşayış binalarında hazırda təmir işləri davam etdirilir.
Bildirilib ki, bu dövrdə rayonda 700,5 hektar sahədə yazlıq bitkilər əkilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 147,6 hektar çoxdur. Hazırda rayonda yazlıq əkin kampaniyası davam edir.
Diqqətə çatdırılıb ki, Lerik rayonunda sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara əsasən rayonda 10 modul tipli məktəbin, Noda kənd uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə yeni su xəttinin çəkilməsi nəzərdə tutulub.
İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı rayon su-kanal sahəsinin rəisi Asif İmanov, qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov, elektrik şəbəkəsinin rəisi Namiq Quliyev və başqaları çıxış ediblər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı R.Bağırov rayonda ənənəvi təsərrüfat sahələrində, o cümlədən tütünçülüyün, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə danışaraq, qarşıda duran vəzifələrin icrası ilə bağlı idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar verilib, Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.