İQTİSADİYYAT
Yanvar-mart aylarında “Şahdəniz”dən 4,3 milyard kubmetr təbii qaz çıxarılıb
Bakı, 13 may, AZƏRTAC
Birinci rübdə “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barrel) kondensat hasil edilib.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir.
Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edib.
Üç ayda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
Rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 191 milyon dollar əməliyyat və 267 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).