CƏMİYYƏT
Yanvarda Dövlət Miqrasiya Xidmətinə əcnəbilər tərəfindən 6652 müraciət daxil olub
Bakı, 15 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanvarda Bakıda, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Xidmət tərəfindən həyata keçirilən tədbirlər yanvarda da davam etdirilib.
Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimənin tətbiq olunması ilə bağlı 1052 qərar qəbul edilib. Onlardan 865-i ölkəni tərk etmələri, 187-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimənin tətbiqi ilə bağlı 433, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulması ilə bağlı 94, müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 25, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 31 qərar qəbul olunub.
Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6652 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Yanvarda olduğu yer üzrə qeydiyyatla bağlı 55 min 962 əcnəbi və vətəndaşlığı olmayan şəxsin DMX-yə müraciəti qeydə alınıb.
Ay ərzində DMX-nin “Çağrı mərkəzi”nə 8625 zəng daxil olub.