İQTİSADİYYAT


Yanvarda KOB inkişafı mərkəzlərinin xidmətlərindən 2 mindən çox sahibkar yararlanıb

Bakı, 22 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciət və ehtiyacları nəzərə alınmaqla müxtəlif mövzularda 40 təlim təşkil edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, maliyyə, vergi, ixrac, sığorta, satış texnologiyaları, insan resurslarının idarə olunması, françayzinq, sahibkarlıqla bağlı qanunvericilik və sair istiqamətləri əhatə edən təlimlərdən 2 mindən çox sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb.

Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən sahibkarlara müxtəlif sahələrdə biznes planların hazırlanması, xidməti müqavilələrin tərtib olunması, məhsulların xarici bazarlara çıxarılması, startap ideyasının həyata keçirilməsi, fermer təsərrüfatının qurulması və sair istiqamətlərdə məsləhət xidmətləri göstərilib.

Yanvar ayında KOB subyektləri daha çox vergi, ixrac və aqrar sahə ilə bağlı təlim və məsləhət xidmətləri üçün KOB inkişafı mərkəzlərinə müraciət ediblər. KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanmaları üçün müvafiq qurumlarla əlaqələndirilib. Eyni zamanda, KOBİA və Dövlət Məşğulluq Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar (mikro biznes) müvafiq texnika və avadanlıqlarla təmin olunmaları üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib, bu istiqamətdə onlara müvafiq xidmətlər (informasiya, məsləhət, elektron sistemdə qeydiyyat və sair) göstərilib.

KOBİA-nın hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişafı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlim və seminarlar keçirilir, məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və sair dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bu xidmətlərdən istifadə etmək üçün KOB subyektləri “www.kobim.az” saytı vasitəsilə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.