İQTİSADİYYAT
Yanvarda satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri azalıb
Bakı, 25 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 8 faiz azalaraq 3,7 milyard manata bərabər olub, onun 47,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Ay ərzində bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin yanvar ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.