CƏMİYYƏT
Yanvarın 17-də paytaxtda 12 dərəcə isti olacaq
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 9-13° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 17-də gündüz Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, yüksək dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 3-8° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-12° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-12° isti, dağlarda gecə 5-9°, gündüz 9-13° isti olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 19-u axşamdan başlayaraq yanvarın 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 15-18, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimal edilir.