CƏMİYYƏT
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yanvarın 18-i saat 00:00-dan yanvarın 25-i saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.