İQTİSADİYYAT


Yanvarın 20-si Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.

Yanvarın 20-də saat 12:00-da əvvəlcədən planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaqlar. Həmçinin zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə veriləcək.

Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.

1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz hər il ölkəmizdə ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin məzarları ziyarət olunur.

O müdhiş gecə metropolitenin kollektivi səhərə qədər fədakarlıq göstərərək, yüzlərlə insan həyatının qurtarılmasında, yeganə sığınacaq yeri kimi onlara dayaq durmasında, yaralıların xəstəxanalara çatdırılmasında xüsusi rol oynayıb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi - İlqar Qarayev və Əflatun Kazımov da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.