İQTİSADİYYAT
Yapon alimləri displeyi qayçı ilə kəsməyi təklif edir
Bakı, 4 avqust, AZƏRTAC
Yaponiyanın "NIMS" ("National Institute for Materials Science") institutu tərəfindən hazırlanmış elastik paneldən qayçının köməyi ilə istifadəçiyə lazım olan formada displey kəsmək mümkündür.
AZƏRTAC “rambler.ru”ya istinadla xəbər verir ki, elastik paneldə istifadə olunan üzvi-metal polimer materialları displeyi kəsməyə imkan verir. Bu halda displeyin qalan hissəsi iş qabiliyyətini saxlayır. Kəsilmiş hissənin yeni formaya uyğunlaşmasına bir neçə saniyə vaxt tələb olunur və hətta elektron kağız kimi sönmə zamanı son əks edilmiş informasiyanı yadda saxlayır.
Hazırda həmin texnologiya yalnız monoxrom displeylər yaratmağa imkan verir. Belə ekranlar geyim və ya ağıllı daşınan cihazlarda tətbiq oluna bilər.
Alimlər gələcəkdə yeni texnologiyanın köməyi ilə rəngarəng displeylər yaratmağa ümid edirlər.