DÜNYA
Yapon nazirlər ABŞ Prezidentinin məsləhətçisi ilə Şimali Koreya mövzusunu müzakirə ediblər
Tokio, 17 avqust, AZƏRTAC
Yaponiyanın xarici işlər və müdafiə nazirləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi ilə Şimali Koreya ətrafında gərginliyin azaldılması üçün əməkdaşlıq barədə razılığa gəliblər.
NHK telekanalının yaydığı məlumata görə, Yaponiyanın xarici işlər naziri Taro Kano və müdafiə naziri İtsunori Onodera avqustun 16-da Vaşinqtonda Prezident Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmasterlə görüşüblər. Görüş iki ölkə nazirlərinin “2+2” formatında avqustun 17-də keçiriləcək görüşü ərəfəsində baş tutub.
T.Kano Şimali Koreyanın ABŞ-ın Sakit okeanda yerləşən Quam adaları yaxınlığındakı sulara raket zərbəsi endirmək planına toxunub. Nazirin sözlərinə görə, Şimali Koreya tərəfdən təxribatları qarşısını almaq üçün Rusiya və Çinin rolu artmaqdadır.
İ.Onodera isə Şimali Koreyaya münasibətdə gözlənilməyən istənilən vəziyyətdən yayınmağın vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, Yaponiya və ABŞ baş verə biləcək bütün vəziyyətlərə hazır olmaq üçün birlikdə çalışmalı və hökumətin bütün strukturları səviyyəsində sıx birgə fəaliyyəti qorumalıdırlar.
Hər üç rəsmi şəxs Şimali Koreyaya beynəlxalq ictimaiyyət tərəfindən təzyiqin artırılmasının zəruriliyini qeyd ediblər. Tərəflər Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək barədə BMT Təhlükəsizlik Şurasının son qətnaməsinin bütün ciddiliyi ilə və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio