İQTİSADİYYAT
Yapon şirkətinin nümayəndə heyəti “Bakı Ağ şəhər” layihəsinin ofisində olub
Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan “Kosugi Zohen Co” yapon şirkətinin nümayəndə heyəti “Bakı Ağ şəhər” layihəsinin ofisini ziyarət edib.
“Bakı Ağ şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin prezidenti Saki Kosugi layihə üzrə işin gedişi, ekoloji təmizlik, landşaft dizaynı və digər məqamlarla maraqlanıb.
Nümayəndə heyəti layihənin tikinti altında olan müxtəlif binaları ilə də tanış olub.
Qonaqlar, həmçinin “Bakı Ağ şəhər” layihəsi ilə birgə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Kosugi Zohen Co” şirkəti Kosugi ailəsi tərəfindən Yaponiyanın Tokio şəhərində təsis edilib. Ailə 300 ildən artıq müddətdə landşaft dizaynı və landşaft qurma işi ilə məşğuldur.
Şirkətin Azərbaycanda gördüyü işlər sırasına İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Parkı da daxildir.