DÜNYA
Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri arasında dördtərəfli telefon danışığı olub
Tokio, 19 fevral, AZƏRTAC
Yaponiya, ABŞ, Avstraliya və Hindistanın xarici işlər nazirləri dördtərəfli telefon danışığı zamanı azad və açıq Hind-sakit okean regionunun yaradılması məsələsini müzakirə ediblər.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığında Yaponiyanın xarici işlər naziri Toşimotsu Moteqi, ABŞ-ın Dövlət katibi Entoni Blinken, Avstraliyanın xarici işlər naziri xanım Maris Peyn və onların hindistanlı həmkarı Subramanyam Cayşankar iştirak ediblər.
T.Moteqi bildirib ki, beynəlxalq hüquqa təhdidlərin artdığı bir vaxtda bu dörd ölkənin əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Yapon nazir vurğulayıb ki, bir ay əvvəl Çinin Sahil Mühafizəsi Xidmətinə bu ölkənin ərazi sularına qeyri-qanuni daxil olmuş xarici gəmilərə qarşı odlu silahdan istifadəyə icazə verilməsi barədə qanunun qəbulu ciddi narahatlıq doğurur.
Qeyd edilir ki, nazirlər Şərqi Çin və Cənub Çin dənizlərində status-kvonun dəyişdirilməsi üçün göstərilən birtərəfli və zorakı cəhdlərə qarşı birlikdə çıxış etmək barədə razılığa gəliblər.
Nazirlər, eyni zamanda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), həmçinin Sakit okeanın ada dövlətləri və Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığı genişləndirmək barədə də razılıq əldə ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio